Bakı: Şərq-Qərb, 2008. — 416 səh. — ISBN: 978-9952-34-183-6.
Oxucularımıza təqdim olunan "Azərbaycan dialektologiyasının əsasları" əsəri üçün materialın toplanmasına hələ müharibədən əvvəl başlanmışdı. 1949-cu ilin sonlarında əsər hətta çapa getmək üzrə idi.
O zaman çapa hazırlanan bu əsər sırf təsviri xarakter daşımaqla bərabər, müasir qohum dillərin və türk dillərinə aid qədim abidələrin materialları ilə müqayisədən də tamamilə kənarda dururdu.
1950-ci ildə dilçiliyə aid müzakirələrdən sonra müqayisəli-tarixi üsulun geniş tətbiqi, dialektoloji materialların artması, türk dilləri dialektlərindən istifadə edilməsi ilə əlaqədar olaraq, demək olar ki, əsər tamamilə yenidən yazılmalı oldu.
Əsərdə verilən dialektoloji materiallar üç mənbədən alınmışdır: 1) müəllifin şəxsən topladığı materiallardan; 2) ayrı-ayrı müəlliflərin əsərlərindən; 3) müəllifin iştirakı ilə toplanmış ekspedisiya materiallarından.
Birinci mənbəyə müəllifin 1938-ci ildə Şuşadan və onun kəndlərindən, 1939 - 1940-cı illərdə Bakı və Bakı ətrafı kəndlərdən, 1941-ci ildə Naxçıvan şəhəri və Nehrəm kəndindən, 1942-ci ildə Qazax rayonundan, 1943-cü ildə Gəncə şəhərindən, 1944-cü ildə Ağdam rayonundan topladığı geniş materiallar təşkil edir.
İkinci mənbə ayrı-ayrı müəlliflərin əsərləridir ki, bu əsərlərin bir qismi çapdan çıxmış, bir qismi namizədlik dissertasiyası kimi müdafiə edilmiş və əlyazması şəklində Azərbaycan Dövlət Universitetinin kitabxanasında saxlanılmaqdadır.