Altun kitab, 2018. — 112 səh. — ISBN 978-9952-24-368-0.
Azərbaycanda qaçaq hərəkatı təxminən 200 il əvvəl Çar Rusiyasının işğalçılıq siyasətinə və onun yerli nümayəndələrinə, o cümlədən ağaların, bəylərin zülmünə qarşı başlayıb.
Bu hərəkatın ən məşhur nümayəndələrindən biri Qaçaq Kərəm idi. Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində doğulub. Atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün Sibirə sürgün olunub. Lakin sürgündən qaçaraq yenidən öz el-obasında haqsızlığa qarşı mübarizəsini davam etdirib, isgəndər kişidən sonra isə oğlu Kərəm onun yolu ilə gedib.
Kərəm öz qəhrəmanlığı ilə qısa vaxtda nəinki Azərbaycanda, bütün Qafqazda, Rusiyada, iranda və indiki Türkiyə ərazisində şöhrət qazanmışdı. Hətta məşhur rus yazıçısı Maksim Qorki Kərəmin cəsarətli və ədalətli bir insan olmasından bəhs etmişdi.
Kərəmlə bağlı bir sıra yer adları ona sonsuz xalq məhəbbətindən xəbər verir: «Kərəm körpüsü». «Kərəm payası», «Kərəm bazarı», «Kərəm çalası», «Kərəm yolu», «Kərəm payı», «Kərəm bulağı», «Kərəm meydanı» və s.
Qaçaq Kərəm 1910-cu ildə İran ərazisində dünyasını dəyişib.
Uşaqlar üçün nəzərdə tutulmuş bu nəşr hazırlanarkən "Yeddi dastan" kitabından (toplayanı və tərtib edəni Rüstəm Rüstəmzadə, “Azəməşr", 1989-cu il), eləcə də qismən Fərman Eyvazlının "Qaçaq Kərəm" romanının motivlərindən istifadə edilib.